Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Respublikasının aqrar sektorunda biznesin formalaşdığı bir şəraitdə istehsalın inkişaf etdirilməsi, onun səmərəliliyinin yüksəldilməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməkdə davam edir. Keçid iqtisadiyyatını başa vuraraq yeni inkişaf erasına daxil olan ölkəmiz ötən illərdən başlayaraq iqtisadi islahatların məzmununu daha da dərinləşdirərək yeni müstəviyə keçirmişdir. Bu da öz növbəsində iqtisadiyyatın real sektorunda dinamikliyi yüksəldib, neftdən kənar sahələrdən biri hesab edilən kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsinə münbit şərait yaradıb.
Dünyada genlərin transplantasiyası zamanınadək arıçılıqdan yalnız bal və mum məhsulları alınırdısa, müasir dövrdə daha müxtəlif çeşidlərdə – arı zəhəri, vərəmum yaxud “propolis”, arı südü, çiçək tozcuğu, güləm və s. insanların sağlamlığının qorunmasnda, xəstəliklərinin müalicəsində, kosmik tədqiqatlarda, kosmetologiyada, habelə xalq təsərrüfatının bir sıra sahələrində istifadə edildiyi bir həqiqətdir. Ona görə də XX əsrdə xalq təbabətində yeni bir müalicə üsulu: arı məhsulları ilə müalicə – apiterapiya sürətlə inkişaf etməyə başlamışdır.
Ənənəvi məşğuliyyət növlərindən biri olan arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə isə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta həmin dövrlərdə xaricə arıçılıq məhsullarından – bal, mum və s. satılmışdır. Dahi Ulu Şeyx Nizami və mütəfəkkir Xaqani Azərbaycan balını öz şeirlərində ilham coşğusu ilə tərənnüm etmişlər.
Ölkəmizdə arıçılığın qədimliyi bir də onunla izah edilir ki, kifayət sayda yaşayış məntəqələrimiz və yerlər arı və onun məhsullarının adı ilə məşhurdur. Bu adların əksər hissəsi bu gün də qalmaqdadır. Gədəbəy rayonundakı Arıqıran, Arısu kəndlərini, Ağdərə rayonundakı Arıqayasını, Ballıqayanı, Şahdağdan başlanğıcını götürən Arısu çayını misal kimi göstərmək olar.
Tarixboyu arıçılığın inkişaf etdirilməsinin əsas məqsədlərindən biri də insanları qiymətli pəhriz və müalicəvi qida məhsulu sayılan balla, xalq təsərrüfatını mumla, təbabəti arı zəhəri, arı südü və s. ilə təmin etməkdən ibarət olmuşdur.
Arıların xeyirli cəhətindən asılı olaraq insanların ona olan maraq-diqqəti əsrlər boyu artmış və qədim dövrdən bu sahə primitiv də olsa, pərakəndə halda da olsa öyrənilməyə başlanılmışdır. Arılar haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotelin (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərinə rast gəlsək də, bu sahənin ciddi öyrənilməyə başlanılması XVII əsrə təsadüf edir. Məsələn, ana arının yumurta qoyması haqqında ilk dəfə 1586-cı ildə İspaniya alimi De Torrez məlumat vermişdir. Ç.Batler (İngiltərə) 1609-cu ildə erkək arı, 1637-ci ildə Remnanton işçi arının cinsi haqqında məqalə vermişdir. Svammerdama (1637-1680) “Təbabətin bibliyası” kitabında arıların quruluşu haqda yazı dərc etmişdir.
XVII-XVIII əsrlərdə Reomyun (1683-1757), Şirak (1761), Fransua Qruber (1750-1831) arıların anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası və s. haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar.
A.P.Boqdanov 1865-ci ildə iqlimə uyğunlaşma cəmiyyəti yaratmış və onun nəzdində elmi-tədqiqat arıxanası təşkil etmişdir. Burada L.A.Tixomirov, N.M.Kulagin, Q.A.Kojevnikov elmi-tədqiqat işlərinə cəlb edilmişlər.
XIX-XX əsrlərdə Rusiyada görkəmli alimlərdən A.M.Butlerov, B.B.Alpanov, İ.M.Komarov, L.İ.Perepelova, F.A.Tyunin, Q.F.Tataranov, Rəfael Səlimov, Türkiyədə Behri Yılmaz, Kadriyyə Sorkun, Əhməd İnci, Azərbaycanda Rəhim İbrahimov və başqaları da arı ailələrini tədqiq etmiş və bir sıra təkliflər hazırlamışlar.
Arıçılığın ardıcıl inkişaf etdirilməsində məşhur kimyaçı alim A.M.Butlerovun da (1828-1886) xüsusi rolu olmuşdur. O, Moskvada Ümumrusiya sərgisi nəzdində arıçılıq şöbəsini və onun nümunəvi arıxanasını yaratmışdır. Buraya müxtəlif arı cinsləri toplamış, arıçılığa dair mühazirələr oxumuşdur. Onun arıçılığa dair yazdığı kitablar, məqalələr arıçılığın inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir. İlk dəfə olaraq Qafqaz arılarının əhəmiyyətini və gələcəyə malik olmasını qabaq görənliklə bildirmişdir.
Rumınyada “APIMONDIYA” Ümumdünya Arıçılıq Cəmiyyətinin yaradılması arıçılığın inkişaf edilməsində xüsusi rol oynadı.
Azərbaycan torpaqlarının ibtidai insanların ən qədim məskənlərindən olduğunu və arxeoloqların “Azıx” mağarasında apardıqları qazıntılar nəticəsində üzərində arı şəkli olan kasa (kuvşin) tapdığını nəzərə alsaq, arıçılığın yaşı 150 min il bundan əvvələ təsadüf edir. Bu da o deməkdir ki, bizim əcdadlarımız balı nəinki tanımış, hətta belə ondan qida məhsulu kimi də istifadə etmişlər.
Böyük təsərrüfat əhəmiyyətinə malik arıların öyrənilməsi Azərbaycanda 1950-ci ilə qədər yox dərəcəsində olmuşdur. Respublikamızda ilk tədqiqat işləri qeyd edilmiş illərdən sonra aparılmağa başlanılmışdır. Azərbaycanda arıçılığın inkişaf edilməsində R.İ.İbrahimovun, Ə.M. Quliyevin xidmətləri əvəz edilməzdir. R.İ.İbrahimov 1950-1955-ci illərdə arıçılıq haqqında ilk dəfə kitab yazan alimlərdən bir olmuşdur. Akademik Ə.M.Quliyev respublika ərazisində bal bitkilərinin yayılmasını, onların xüsusiyyətini, xüsusilə nektar ifraz etmə qabiliyyətini öyrənməklə arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu dəfələrlə qeyd etmişdir.
Onu da deməliyik ki, keçmiş Sovetlər Birliyində 26 fevral 1946-cı il tarixdə “Arıçılığın inkişaf etdirilməsi” Qərarı ilə arıların cins təmizliyini qoruyub saxlamaq, arıçılığı daha da inkişaf etdirmək üçün dövlət damazlıq stansiyaları, arıçılıq fermaları və arı xəstəliklərini öyrənmək üçün xüsusi müəssisələr təşkil olundu. Yaradılmış arıçılıq sovxoz və kolxozlarda tozlandırma və arıyetişdirmə istiqamətində mühüm addımlar atıldı. Bu qərardan altı il sonra Respublikada arıçılıq təsərrüfatlarına rəhbərlik etmək məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində 1952-ci il aprelin 1-də arıçılıq idarəsi də təşkil edilmişdir.
Bundan əlavə ölkəmizdə arıçılığın öyrənilməsinə dair M.Rəhimzadə, N.Vəliyev, Q.Sultanlı, M.Seyidov, R.Sultanovun və b. bir sıra elmi tədqiqat işləri aparmışlar.
Yurdumuzun bəzəyi hesab edilən Azərbaycan torpağını, insan qəlbinə fərəh verən, xoş ətirli, gül-çiçək təbiətini ən gözəl nemətlərdən biri hesab edilən arılarsız təsəvvür etmək qeyri-mümkündür. Gəncəbasarda-əzəmətli Qoşqar və Kəpəzin ətəklərində, Göygölün ətrafında, Hacıkənd meşələrində təbii-iqlim şəraiti ilə əlaqədar olaraq arıçılıqla ilkin dövrlərdən məşğul olunmuşdur. Dahi Nizami Gəncəvinin, eləcə də Gəncədə yazıb yaratmış bir sıra sənətkarların əsərlərində, səyyahların, tacirlərin, dərvişlərin yol qeydlərində bu haqda maraqlı məlumatlar vardır.
Arıçılıq ibtidai-icma quruluşu dövründə insanların ən maraqlı məşğuliyyəti olmuşdur. O dövrdə arıçılıq dağlıq və meşə zonalarında geniş yayılmağa başlamışdır.
Hələ eramızdan qabaq IX-VIII əsrlərdə Zaqafqaziyadakı Urartu dövlətinin ərazisində də arıçılıqla məşğul olunmasına dair kifayət qədər tarixi faktlar bu gün də mövcuddur.
Onu da bilirik ki, toponimik adlar mənşəcə daha qədimdir. Azərbaycan ərazisində Balçılı kəndi, Balliqaya, Ballıca, Arıtəpə, Arıqayası, Arısukəndi və s. kimi toponimlərin olması da təsərrüfatın bu sahəsinin qədimliyini sübut edir.
Vəhşi arılardan bal və mum almaq əsrlər boyu davam etsə də, bu məşğuliyyəti hələ arıçılıq adlandırmaq olmazdı. Çünki bal və mum toplamaqla məşğul olan qədim insanlar arıları qorumaq və artırmaq qayğısına qalmır, ona əməlli-başlı qulluq etməyi bacarmırdılar.
Mənbələrdən məlum olur ki, Azərbaycanda hələ qədim zamanlardan arıçılıq həm də müstəqil təsərrüfat sahəsi olmuşdur. Qafqaz kəndlilərinin təsərrüfat məişətinin tədqiqatçılarından olan N.N.Şavrov bu ərazini “arının vətəni”, “arıçılığın beşiyi” adlandırmışdır.
Gürcü alimi A.İ.Robakidze göstərir ki, arıçılığın ən qədim izləri Qafqazda müşahidə edilir. Onun yazdığına görə, təbii şəraitin və iqlimin əlverişliliyi ballı bitkilərin zənginliyi nöqteyi-nəzərindən bir o qədər fərqlənməyən Azərbaycanda və Gürcüstanda eyni arı cinsi yayılmışdır. Gürcüstan və Azərbaycan xalqının yaşadığı ərazi hələ üst paleolit dövründən başlayaraq arıçılığın çox inkişaf etdiyi yerlərdən biri olmuşdur.
Azərbaycan ərazisində tarixən qonur və boz rəngli arılar məskən salmışlar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin dərin qönçələrindən nektar şirəsini toplamaqla qidalanmışlar. Beləliklə, həmin arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda çiçəklər arasında seçim etməmək əlaməti yaranmışdır ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətlərdəndir.
Birinci dəfə rus alimi, akademik A.M.Butlerov (1877) Qafqaz arılarının olduqca mülayim xüsusiyyətə malik olmasını və gələcəkdə də onlardan geniş istifadə olunacağı haqqında məlumat vermişdir. Sonralar K.A.Qorbaçov (1906, 1916) bu ərazilərdə müəyyən xüsusiyyətlərə malik boz və sarı arıların olmasını müşahidə etmişdir.
Bal arılarına dair ilk elmi anlayış XVII əsrə aiddir. Ölkəmiz dünyanın ən məşhur arılarından biri olan, bal arılarının məhşur və təsərrüfat baxımından əhəmiyyətli Qabaqtəpə, Şahdağ, Şəki, Ordubad populyasiyalarına və s.-ə həyat vermiş Boz dağlıq Qafqaz arısının vətənidir.
Qabaqtəpə arısını Azərbaycanda ilk dəfə olaraq A.S.Skorikov (1927) Daşkəsən rayonunun Qabaqtəpə kəndi ərazisində aşkarladığı üçün həmin arıları Qabaqtəpə arıları adlandırmışdır. Bundan sonra Avropanın digər ölkələrində, Gəncəbasar ərazisində yerləşən Qabaqtəpə arısına olan maraq artmışdır.
Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın alimləri və arıçıları həmin cins-populyasiyaların yetişdirilməsi və bütün dünyaya yayılması üzərində işləmişlər. Ölkəmizdə arıları lap qədim zamanlardan tanımış, istifadə etmiş və ona ehtiramla yanaşmışlar. Artıq IV əsdə Azərbaycan ərazisində meşə arıçılığı – ağac koğuşundan bal toplanması, yaxud “bal ovu”, XVIII əsrdən isə şəxsi arıçılıq təsərrüfatları geniş yayılmışdır. Arıçılığın qədim ocaqları Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi vardır. Azərbaycan arıçılığı pətəklərin müxtəlifliyi – ağac, budaq, gil və samandan hazırlanan səbət və təknə pətəklərlə maraq doğurur.
Azərbaycanda arıçılığın tarixi dərin köklərə və zəngin təcrübəyə malikdir. 1919-cu ildə “Arıçılığın mühafizəsi haqqında” Dekret qəbul edilmişdir. Sənədə görə, arıçı kəndlilər əvvəllər tutulan “arı pulu” vergisindən azad edilirdilər. XX əsrin 50-90-cı illərində Azərbaycanda arıçılıq dövlətə və arıçıların özlərinə xeyli gəlir gətirən çox inkişaf etmiş sahəyə çevrilmişdi. Rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olurdu. Demək olar ki, bütün kolxozların iri arıçılıq təsərrüfatları, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu, Lənkəranda və Balakənddə ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərirdi. Qabaqtəpə və Boz dağlıq Qafqaz ana arıları təkcə Rusiyaya deyil, dünyanın bir çox ölkələrinə aparılırdı. Statistikaya görə ölkəmizdə arı ailələrinin sayı 300-450 min təşkil edirdi. Alimlər isə onların sayının 8-10 dəfə artırılmasını tövsiyə edirdilər. Onların fikrincə, Azərbaycanda mövcud olan 9 iqlim qurşağının balverən bitkilərlə zəngin yerlərindən, habelə iqlim xüsusiyyətlərindən səmərəli istifadə edilməsi şərti ilə buna nail olmağın mümkünlüyünü göstərirdilər. Azərbaycan balı istər respublikamızda, istərsədə xaricdə yüksək qiymətləndirilirdi. Azərbaycanın misilsiz müalicəvi bal çeşidləri olan dağ may balı, sitrus meyvələrindən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı, Lerikin cökə balı bütün dünyada layiqincə qiymətləndirilmiş və qəbul olunmuşdur. XIX əsrin 70…80-ci illərində Şamaxı arıçılıq sovxozunun may balı dəfələrlə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmiş və medallara layiq görülmüşdür. Buna baxmayaraq, Sovetlər Birliyində arıçılıq Rusiya Federasiyasında, Ukraynada olduğu kimi Azərbaycanda müstəqil bir elm sahəsi kimi tədqiqatlara cəlb edilməmişdi. Buna baxmayaraq, 1889-cu ildə Muğanda Qafqaz İpəkçilik Stansiyasının nəzdində təşkil edilmiş arıxanaların Cənubi Qafqaz üçün rasional arıçılıq mərkəzlərinə çevrilməsi praktikasını, həmçinin son zamanlarda bütün dünyanın bu sahəyə xüsusi diqqət yetirməsini, dəstək verməsini, Azərbaycanda da arıçılığın tədqiqatına dair bir müstəqil araşdırma mərkəzinin olmadığını yəqinləşdirdikdən sonra Az.ET İpəkçilik İnstitutunun nəzdində arıçılıq laborato¬riya¬sının yaradılmasına (05.X. 2012-ci il, AEM RH-nın 04 №li qərarı) nail olduq.
İlk olaraq Respublika üzrə arıçılığın vəziyyəti araşdırıldı və hər bir arıçının saxladığı arı populyasiyasına dair, həmçinin arıçının özü haqda məlumatlar toplandı, nəşr edildi. Az sonra, yəni, 2014-cü ilin iyulunda Türkiyənin Hacəttəpə Universitetinin Arı və Arı Məhsulları Araşdırma Mərkəzi ilə birgə Gəncədə “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə əməkdaşlığı TOPLANTISI-I” keçirildi. Bundan sonra, 5-9 noyabr 2014-cü il tarixlərində İnstitutun əməkdaşları Türkiyənin Muğla şəhərində eyni zamanda birgə keçirilmiş “4.Beynəlxalq Muğla Arıçılıq və Cam Balı Konqresi” və “20.Apislaviya Konqresi”nə dəvət edildilər. Nəticədə Azərbaycan balının Türkiyə tərəfi ilə birgə Avropa standartları əsasının işlənməsi gündəmə gətirildi və işlər davam etdirilir.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə qəbul edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 2008-ci ildə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2009-cu ildə “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə hazırlanmış, 27 fevral 2014-cü il tarixdə ölkə Prezidentinin imzaladığı Fərmanla qüvvəyə minmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi proqramın məntiqi davamı idi. Regionlarda kənd təsərrüfatının, o cümlədən, arıçılığın canlanması ölkənin ahəngdar inkişafının həyata keçirilməsi üçün mühüm strateji bir addımdır.