Ana səhifə / Xəbərlər / 08 avqust 2019-cu il

08 avqust 2019-cu il

Ölkəmizin mövcud potensialından az istifadə edilən, bununla belə olduqca cəlbedici və perspektivli fəaliyyət sahələrindən biri də arıçılıqdır. Azərbaycan Respublikasının ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim şəraitinə və bal verən zəngin bitki örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir.

Rəsmi statistikaya görə Respublikamızda 520 min arı ailəsi mövcuddur. Azərbaycan Respublikası ərazisində bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Arıxanalarda müxtəlif səbəblər üzündən (beçəvermə, zəiflik, xəstəlik və s.) arı ailələrinin heç də hamısı bu səviyyədə bal verə bilmir. Buna görə də hesablamaları məhsuldarlığın orta həddi ilə aparsaq Azərbaycanda bal istehsalının illik həcminin hazırda 4000 ton ətrafında olduğunu demək düzgün olar.

Yüksək göstəricilərə nail olmaq üçün arıçılıqda üç istiqamətdə fəaliyyət göstərmək lazımdır.

  1. Arı ailələrinin sayını artırmaq (ekstensiv yol)
  2. Arı ailələrinin məhsuldarlığını artırmaq (intensiv yol)
  3. Arıçılığın yem bazasını gücləndirmək

Ölkəmizdə qeyd edilən problemlərin mərhələli həlli və həyata keçirilməsi üçün ilkin olaraq Boz dağ Qafqaz arı cinsinin təmiz qanlı ana arılarının sənaye əsasında yetişdirilməsindən başlanılmalıdır. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində ölkədə ana arıya olan tələbatın ödənilməsi üçün xeyli sayda tədqiqat sınaq işləri aparılır.

07.08.2019-cu il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Məhərrəm Quliyevin rəhbərliyi altında rayon ziyalılarının, arıçılarının, eləcə də Mərkəzin əməkdaşlarının iştirakı ilə Arıçılıq Mərkəzində keçirilmiş elmi-praktik seminarda həlli vacib məsələlər müzakirə edilmişdir. Mərkəzin Goranboy rayonunun iqtisadi inkişafında rolu da diqqətdən kənar qalmamış, vəziyyətdən çıxaran təkliflər səsləndirilmiş və ümidlərin doğrulmasına təminatlar verilmişdir.

Müzakirə zamanı arıçılıqla yanaşı, arıçılığın yem bazasının əsasını təşkil edən efir yağlı bitkilərin də ərazicə genişləndirilməsi və toxumçuluğunun inkişafı müsbət dəyərləndirilmişdir və s.

Vaxt ayırıb HETİ-nin “Arıçılıq” Mərkəzinə gələrək, oranın problemlərinin həllində dəstəkçi olacağını kollektivə bəyan edən çox hörmətli Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyevə Arıçılıq Mərkəzinin elmi-texniki kollektivi adından öz təşəkkürümüzü bildiririk.

 

Hörmətlə,

Rəis:                 Allahverdi Seyidov